OyunlarMinlerle Pulsuz Oyun Burada

Səndən uzaqlarda

Səndən ayrıldığım on gün olsa da,
Lakin hər günümü bir il sanmışam.
Hər axşam yananda göylərin şamı
Hicrində od tutub mən də yanmışam.
Bəzən qəlbim dolmuş, qəlbim ağlamış
Baharın ağlayan buludları tək.
Bəzən də könlümdə sellər çağlamış,
Sinəmə sığmamış, sığmamış ürək.

Anlar donub qalmış qurğuşun kimi,
Hər anım bir günə bərabər olmuş.
Burda dəniz gözəl, təbiət gözəl,
Lakin tənhalıqdan qəlbim yorulmuş.
Səndən ayrıldığım on gün olsa da,
Lakin hər günümü bir il sanmışam.
Səni görmək üçün əziz sevgilim,
Hər səhər, hər axşam qanadlanmışam.
Lakin nə əlinə çatmış əllərim,
Nə də gözlərinə gözüm sataşmış.
Xəyallar aparmış, aparmış məni,
Kədərim yenə də başımdan aşmış…
Hər axşam sahilə yalqız çıxıram,
Gündüzlər xəyalın gəzdirir məni
Yuxusuz gecələr sən həmdəmimsən,
Yatarkən yuxuda görürəm səni.
Lakin, düşünürəm hicran olmasa,
Vüsalın qədrini bilməzdi insan.
Səndən uzaqlardayam, uzaqlarda mən,
Vüsalı görünən bu acı hicran
Məni düşündürür məni yandırır,
Eşqimin yolunu işıqlandırır.
Görürəm, nə qədər sevirəm səni,
İllər ayırsa da, sevgimdən məni
Tək səni sevərəm, tək səni yalnız.
İnsan öz eşqinə olmaz vəfasız.

46 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *